Hövzə Xəbər Agentliyinin verdiyi məlumata görə, Xubriqan Məclisinin Rəyasət Heyəti tərəfindən yayımlanan bəyanatda bildirilib ki, İslam İnqilabının yeni rəhbəri Xubriqan Məclisi tərəfindən müəyyən edilərək elan olunmuşdur.
Bağışlayan və mehriban Allahın adı ilə
Əziz və azad İran xalqı! Allahın salam və rəhməti üzərinizə olsun.
Xubriqan Məclisinin Rəyasət Heyəti böyük şəxsiyyət həzrət Ayətullah üzma İmam Xameneinin, eləcə də digər şəhidlərin, xüsusilə canından keçən Silahlı Qüvvələrin yüksək rütbəli komandirlərinin, həmçinin Minab şəhərinin “Şəcərəyi‑Təyyibə” adına tam orta məktəb şagirdlərinin şəhadəti ilə bağlı başsağlığı verərək cinayətkar Amerika ilə zalım sionist rejimin vəhşicəsinə təcavüzünü qətiyyətlə pisləyərək bildirib: Bu Məclis İslam İnqilabının müdrik və uzaqgörən rəhbərinin şəhadəti xəbərinin yayıldığı andan dərhal sonra, ölkənin kəskin müharibə şəraitinə və düşmənlərin bu xalq əleyhinə birbaşa təhdidlərinə baxmayaraq eləcə də Xubriqan Məclisinin Rəyasət Heyətinin ofislərinin bombardman edilməsi nəticəsində bu rəyasət heyətinin bir neçə əməkdaşı və mühafizə heyətinin şəhid olmasına rəğmən İslam Respublikasının rəhbərinin seçilməsi və təqdim olunması prosesində bir an belə tərəddüd etməmişdir.
Bu səbəbdən konstitusiyada və Xubriqan Məclisinin daxili nizamnaməsində nəzərdə tutulmuş vəzifələrə əsasən, fövqəladə iclasın keçirilməsi və yeni rəhbərin təqdim edilməsi üçün zəruri tədbir və hazırlıqlar dərhal gündəliy əsas məsələlərə daxil edilmişdir. Həmçinin ölkənin müxtəlif bölgələrində olan bu Məclisin hörmətli nümayəndələrinin toplanması üçün müvafiq planlaşdırma və koordinasiya həyata keçirilmişdir ki, konstitusiyanın 111‑ci maddəsində müvəqqəti şuranın yaradılması ilə bağlı nəzərdə tutulmuş ehtiyat heyətin olmasına baxmayaraq, ölkədə rəhbərlik boşluğu yaranmasın.
Xubriqan Məclisinin Rəyasət Heyəti İmam Zamanın (ə.f) qeyb dövründə vilayəti‑fəqihin uca məqamını və İran İslam Respublikasının siyasi sistemində rəhbərlik məsələsinin xüsusi əhəmiyyətini yüksək qiymətləndirərək, İnqilabın iki rəhbərinin izzət, istiqlal və qüdrət prinsiplərinə əsaslanan 47 illik müdrik idarəçiliyini ehtiramla yad edir. Bu ilahi rəhbərlərin xatirəsini əziz tutaraq bəyan edir ki, bu məclis geniş və dəqiq araşdırmalardan sonra, konstitusiyanın 108‑ci maddəsinin imkanlarından istifadə etməklə, həmçinin dini vəzifəsinə və uca Allahın hüzurunda məsuliyyət daşıdığına etiqad edərək, bu gün keçirilən fövqəladə iclasında Xubriqan Məclisinin hörmətli nümayəndələrinin yüksək səs çoxluğu ilə Ayətullah Seyid Müctəba Hüseyni Xameneini (Allah onu qorusun) İran İslam Respublikasının üçüncü rəhbəri kimi seçmişdir.
Sonda konstitusiyanın 111‑ci maddəsinə əsasən fəaliyyət göstərən Müvəqqəti Şuranın üzvlərinə təşəkkürünü bildirərək, bütün əziz İran xalqını, xüsusilə ali təhsil ocaqlarını, eləcə də universitet alim və ziyalılarını rəhbərliyə beyət etməyə və vilayət mehvəri ətrafında birliyi qorumağa çağırır. Həmçinin Allahdan bu ölkə və xalq üçün uğurlar arzulayıb.
Allahın salam və rəhməti sizin üzərinizə olsun.
Xubriqan Məclisinin Rəyasət Heyəti
8 mart 2026-cı il
Rəyiniz